Accessibility links

Riçard Kazlariç: Bu seçkilər də əvvəlki seçkilər kimi nə azad, nə də ədalətli idi


Riçard Kazlariç: Bu seçkilər də əvvəlki seçkilər kimi nə azad, nə də ədalətli idi
please wait

No media source currently available

0:00 0:09:28 0:00

Riçard kazlariç: Bu seçkilər də əvvəlki seçkilər kimi nə azad, nə də ədalətli idi

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Azərbaycanda növbədənkənar prezident seçkiləri, ABŞ-Azərbaycan münasibətləri, Birləşmiş Ştatların Azərbaycanda demokratiyanı təşviq etməsi səyləri və Azərbaycan-Ermənistan sülh prosesində rolu, eləcə də Yaxın Şərqdə və Ukraynada münaqişələrin regionun geo-siyasətinə təsirləri haqda danışıb.

Amerikanın Səsi: Mərkəzi Seçki Komissiyası Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində seçici fəallığının 76,73 faiz təşkil etdiyini bildirib. Bununla prezident Əliyev beşinci prezidentlik müddətinə doğru gedir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı prezident İlham Əliyev səslərin 92 faizindən çoxunu toplayaraq, böyük səs çoxluğu ilə liderdir. Müstəqil müşahidəçilər azad mediaya və müxalifətə qarşı təzyiqlər fonunda səsvermənin qeyri-demokratik və ədalətsiz olduğunu deyərək tənqid ediblər. Seçkilərin nəticələri ilə bağlı sizin fikirləriniz nədən ibarətdir?

Riçard Kazlariç: İlk öncə soruşduğunuz üçün təşəkkür edirəm. Baxmayaraq ki, mən 1995-ci ildən seçkiləri izləyirəm və müşahidə edirəm, mən ilk əldən məlumat almaqdan bir qədər uzağam. Bir qədər əvvəl ATƏT-in müşahidə missiyasının ilkin hesabatını da oxudum və onların nə demək istədiklərini başa düşürəm. Amma mənim ümumi reaksiyam odur ki, bunların heç birində sürpriz yoxdur. Bu seçkilər də əvvəlki seçkilər kimi idi. Onlar nə azad, nə də ədalətli idi. Prezident Əliyevə rəqib olduqları iddia edilən namizədlər gözlədiyiniz kimi, müxalifət namizədləri olaraq nə proqram irəli sürdülər, nə də prezidenti tənqid etdilər. Müşahidə edə bildiyim qədər səsvermədə “karusel” ilə bağlı problem, birdən çox bülletenlərin seçki qutularına doldurulması, hökumət müşahidəçilərinin müstəqil müşahidəçilərin seçki məntəqələrinə getməsinə mane olması, çox olmasa da, amma insanların seçki məntəqələrinə gedib seçkiləri müşahidə etməyə çalışdıqları vaxt internetin kəsilməsi barədə məlumat verilib. Beləliklə, mənim qənaətim budur ki, burada heş bir sürpriz yoxdur. Prezident Əliyevin qalib gələcəyi əvvəlcədən müəyyən edilmişdi. Məncə yeganə sual o idi ki, neçə faizlə? Bilirsinizmi, 90 faizdən yuxarı göstərici mənim gözlədiyim kimi idi, çünki İlham Əliyevin prezident kimi əlavə müddətinin təsdiqlənməsi üçün hökumətə bu lazım idi.

Amerikanın Səsi: Sizin fikrinizcə, seçkilərin nəticələri Azərbaycanın Qərb tərəfdaşları, xüsusilə də ABŞ ilə münasibətlərinə necə təsir edəcək? İki ölkə hansı sahələrdə əməkdaşlığı davam etdirəcək? Birləşmiş Ştatlar Azərbaycanda demokratiyaya dəstəyini artıracaqmı? ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesində fəal rol oynamağa davam edəcəkmi?

Riçard Kazlariç: Bilirsinizmi, burada iki ayrı məsələ var. Bildiyiniz kimi, tarixən demokratiyanı təbliğ edən Birləşmiş Ştatlar müstəqil mediaya və siyasi fikirlərin geniş şəkildə ifadə edilməsinə dəstək verməklə Azərbaycan xalqının demokratiya axtarışında ona dəstək olub. Bunun indi də davam edib-etməyəcəyini mən bilmirəm. Amma o dərəcədə ki bizə imkan verilir, təəssüf ki, seçkilər öncəsi hökumət [ABŞ-ın] beynəlxalq inkişaf agentliyinin Azərbaycandakı fəaliyyətinə, o cümlədən müstəqil mediaya və demokratiyaya dəstək verməklə bağlı ciddi şəkildə etirazlarını bildirirdi. Bu baxımdan bu, o qədər də yaxşı görünmür. Buna görə də düşünürəm ki, bu, həqiqətən də Azərbaycanın demokratiyaya dəstək fəaliyyətlərimizin davam etdirilməsinə razı olub-olmamasından asılıdır.

Bütövlükdə, xüsusən də sülh prosesi ilə bağlı düşünürəm ki, ABŞ-ın siyasəti davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Ermənistan və Azərbaycana dəstəyini davam etdirməkdən ibarət olacaq. Bu da Bakı və Yerevanın ABŞ-ın bu rolu oynaya biləcəyi məsələsində razılaşmasından asılıdır. Beləliklə, qısa müddətdə mənim gözləntilərim odur ki, Birləşmiş Ştatların diqqətinin çox hissəsi sülh prosesini dəstəkləməyə yönələcək.

Amerikanın Səsi: Yaxın Şərqdə gərginliyin artması və İranın da iştirakı ilə daha genş münaqişə ehtimalı ilə bağlı narahatlıqlar artmaqdadır. Azərbaycan İranla qonşudur və İsraillə yaxşı münasibətlərə malikdir. Regionda geosiyasi vəziyyət və Azərbaycanın Cənubi Qafqazda rolu haqqında nə düşünürsünüz?

Riçard Kazlariç: Bəli, indi qeyd etdiyiniz səbəblərə görə mürəkkəb geosiyasi vəziyyətdir. Demək istədiyim odur ki, Azərbaycanın artıq İranla münasibətlərində problemlər var idi və İsraillə HƏMAS arasında müharibə ilə bu problemlər daha da kəskinləşdi. Ona görə də hesab edirəm ki, Azərbaycanın Ermənistanla münasibətlərindəki problemləri, xüsusən də nəqliyyat marşrutları ilə bağlı problemləri həll etmək çox, olduqca çətin olacaq, çünki İran Azərbaycanla Naxçıvan arasında Ermənistandan keçən istənilən nəqliyyat marşrutuna şübhə ilə yanaşacaq. Bunu çox açıq şəkildə bildirdilər. Buna görə də Azərbaycan çox, olduqca çətin vəziyyətdədir. Sizin dediyiniz kimi, [Azərbaycan] əvəllər İsraili dəstəkləyib və indi də İsraili dəstəkləməkdədir. Amma onun cənubda Azərbaycanla İsrail arasında münasibətlərə çox qarşı çıxan qonşusu var. Mən bunun hara getdiyini dəqiq deyə bilmərəm. Qırmızı dəniz bölgəsində ABŞ və Husilər arasında baş verənləri izlədikcə ABŞ və İran arasında hər hansı birbaşa münaqişənin qarşısını almaq üçün real səy göstərildiyini bilirəm. Lakin bilirsiniz ki, bu, çox qeyri-müəyyən və proqnozlaşdırlıması çox mürəkkəb olan bir mühitdir.

Amerikanın Səsi: Bəzi müşahidəçilər Azərbaycanın Rusiyanın təsir dairəsinə düşməsindən narahat olduqlarını bildirirlər. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bəzi müşahidəçilər Moskvanın Cənubi Qafqazda təsirinin azaldığı fikrini irəli sürürdülər. Bununla belə, bəzi ekspertlərin fikrincə, Rusiya Cənubi Qafqazda öz təsirini hələ də saxlaya bilir. Siz bu barədə nə düşünürsünüz?

Riçard Kazlariç: Mən esab edirəm ki, bu gün Azərbaycan 2015-ci ilə qayıdaraq, Rusiya ilə daha sıx əməkdaşlığın lehinə seçim edib. Çünki Azərbaycan Avropa və ABŞ-ın demokratiya və insan haqları ilə bağlı irəli sürdüyü tələblərin həm Avropa İttifaqı, həm də ABŞ ilə münasibətlərinə təsir etdiyini gördü. Buna görə də mən hesab edirəm ki, Rusiya ilə münasibətlər əslində Ukraynaya hərbi müdaxilədən əvvəl yaxşılaşmağa başlayıb. Mən Rusiyanın təkcə Cənubi Qafqazda deyil, xüsusən də Azərbaycanda təsirinin güclü olaraq qalacağını deyənlərin tərəfindəyəm. Bu mənim qiymətləndirməmdir, mən inanmıram ki, Rusiya 2025-ci ildə Azərbaycanda olan sülhməramlılarını çıxaracaq. Mən eləcə də Rusiyanın Ermənistanda baş verənlər üzərində təsirindən əl çəkəcəyini düşünmürəm. Ona görə də Rusiyanın təsirinin davam edəcəyini düşünürəm. Ola bilsin ki, seçkidən sonrakı dövrdə Azərbaycanla Rusiya arasında münasibətlər yaxınlaşdıqca bu, özünü müxtəlif formalarda göstərəcək. Ona görə də hesab edirəm ki, Rusiya həm qlobal miqyasda, həm də bu regional gücdür. Bu isə Cənubi Qafqazda hər üç ölkənin suverenliyi və onlar arasında sülh münasibətləri ilə bağlı əldə etməyə çalışdığımız bəzi məqsədlərə nail olunmasını çətinləşdirəcək.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG