Accessibility links

Təbrizdə 9 il əvvəl ‘Türk Dil Qurumu’ yerinə təsis edildiyi açıqlanan ‘Azərbaycan Fondu’ hələ fəaliyyətə başlamayıb


Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondunun lövhəsi (Mənbə: Nasr News saytı)
Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondunun lövhəsi (Mənbə: Nasr News saytı)

Prezident Həsən Ruhaninin Təbrizdə vəd etdiyi Türk Dil Qurumu yerinə rəsmilər tərəfindən 2015-ci ilin ilk aylarında təsis edildiyi açıqlanan “Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondu”-nun 9 il keçdikdən sonra hələ fəaliyyətə başlamadığı bildirilir.

Təbrizə fəaliyyət göstərən Nasr News internet portalının yazdığına görə, “Azərbaycan Fondu etinasızlıq və laqeydlik səbəbilə həm fəaliyyətsiz qalıb, həm də fond üçün nazirlikdən gözlənilən 32 milyon tümənlik büdcənin ayrılıb-ayrılmayacağı bəlli deyil.”

İran prezidenti Həsən Ruhani 2013-cü il seçki kampaniyalarında Təbrizdə Türk Dil Qurumu təsis ediləcəyinə dair söz vermişdi. Bu və digər vədlərini yerinə yetirməyən Ruhani daha sonra Təbriz və Urmiyə kimi şəhərlərə səfərlərində “Ruhani Ruhani, vədlərin bəs hanı?” kimi şüarlar ilə qarşılaşmışdı.

2014-cü ilin son aylarında etnik qruplar və dini azlıqlar üzrə prezident yardımçısı Əli Yunesi Türk Dil Qurumu vədinin gündəmə çıxmasının başdan yanlış olduğunu, Şərqi Azərbaycan valisi isə dil qurumu yerinə Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondunun gündəmə alındığını ifadə etmişdilər.

Nasr News saytı “Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondunun qeyri-müəyyən taleyi” başlığı altında yayımladığı reportajda keçən il fondun müdiri olaraq təyin edilib fəqət sonra istefa edən Ruhullah Rəşidinin açıqlamalarına yer verib.

Eyni zamanda Təbriz şəhər şurasının üzvü olan Rəşidi deyib ki, “mənim nazirlik tərəfindən təyin olunmama baxmayaraq, fondun hüquqi və inzibatı məsələləri ilə əlaqələnməm üçün bu fond öncə rəsmi şirkət olaraq qeydiyyatdan keçməli idi və mən rəsmi şəkildə qurumun müdiri olaraq işə başlamalı idim.”

Rəşidi fondun qeydiyyat işlərinin müəmmalı bir şəkildə tamamlanmadığı üçün 2023-cü ilinin avqust ayında “müdirlik” vəzifəsindən istefa edib.

Nasr News fondun taleyi ilə bağlı Şərqi Azərbaycan vilayətinin mədəniyyət və irşad baş idarəsinin rəisi Məhəmməd Hüseyn Bulaği ilə də müsahibə edib. Bulaği fondun qeydiyyat prosesinin davam etdiyini söyləyib.

O, fondun bu yaxınlarda geniş şəkildə fəaliyyətə başlayacağını irəli sürüb. Ancaq, Bulağinin açıqlamalarından da məlum olur ki, 9 il əvvəl rəsmilər tərəfindən təsis edildiyi açıqlanan fond hələ rəsmi olaraq qeydiyyatdan keçməyib.

Fondun lövhəsi Təbrizdə Pərvin Etisaminin tarixi evində quraşdırılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG