Accessibility links

Britaniya və Almaniya HƏMAS-ı girovları azad etməyə çağırıb


HƏMAS-ın İsrailə hücumundan 200 gün keçdiyi bir vaxt Qərb diplomatları çərşənbə axşamı HƏMAS-ı Qəzza zolağında saxladıqları qalan girovları azad etməyə çağırıblar.

"200 gün əvvəl HƏMAS Holokostdan sonra yəhudi xalqına qarşı ən ölümcül hücumu həyata keçirdi. 200 gündür girovlar əsirlikdə qalır və onların yaxınları ağlasığmaz əzablarla üzləşməkdə davam edir" - deyə, Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Kameron X səhisəsində bildirib.

"Girovlar azad olmadıqca, biz geri çəkilməyəcəyik. Yalnız onlar evdə olduqda sülh şansı olacaq" - deyə, Almaniyanın xarici işlər naziri Annalena Baerbok qeyd edib.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək, İsrailin məlumatlarına görə, 1200-ə yaxın adamı öldürüb, 250 nəfəri girov götürüb. İsrail bildirir ki, militantlar hələ də 100-ə yaxın əsir və 30-dan çox adamın qalıqlarını saxlayırlar.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin ABŞ-ın terror qruplaşması kimi tanıdığı HƏMAS-ı məhv etmək və onların gələcəkdə hücum həyata keçirə bilməməsini təmin etmək məqsədi daşıyan hərbi kampaniyası ən azı 34,183 fələstinlinin ölümünə və 77 mindən çoxunun yaralanmasına səbəb olub. Nazirlik bildirir ki, öldürülənlərin üçdə ikisi qadın və uşaqlardır.

Birləşmiş Ştatlar bazar ertəsi bildirib ki, HƏMAS döyüşlərin dayandırılması, Qəzzada girovların azad edilməsi, İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi və Qəzzada mülki şəxslərə humanitar yardımın artırılması ilə bağlı "masada olan çox əhəmiyyətli təklif"lə razılaşmayıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə bildirib ki, son həftələr İsrail danışıqlarda HƏMAS-ın tələblərini yerinə yetirmək üçün bəzi addımlar atıb, lakin daha sonra HƏMAS bu tələbləri dəyişdirib.

"Razılaşmanın bağlanması üçün iki tərəf lazımdır və hazırda HƏMAS onların razılığa gəlmək istəmədiklərini göstərib", Miller bildirib.

İsrail ordusu çərşənbə axşamı bildirib ki, onun qüvvələri gecə ərzində Qəzza zolağının cənubunda HƏMAS-ın iki raket buraxılış məntəqəsini məhv edən hava hücumları həyata keçirib.

Hərbçilər bildiriblər ki, quru qoşunları da Qəzzanın mərkəzində əməliyyatlarını davam etdirib, hava hücumlarında isə Qəzzada onlarla militant öldürülüb.

İsrail qüvvələrinin çərşənbə axşamı Livanın cənubunda Hizbullah qrupunun hədəflərinə endirdikləri silsilə zərbələr nəticəsində ən azı iki Hizbullah döyüşçüsü öldürülüb. Sosial mediada avtomobilin yolda hərəkətdə olarkən partladığını əks etdirən video paylaşılıb.

Livanın dövlət mediası İsrailin Adloun bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində ən azı bir nəfərin öldüyünü bildirib.

Forum

XS
SM
MD
LG