Accessibility links

Ermənistanla sərhəddə gərginlik, kəndlər atəşə tutulub


Cəbhə xətti
Cəbhə xətti

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tovuz rayonunun (Bakıdan 424 kilometr qərb) Ermənistanla sərhəddə yerləşən kəndlərini atəşə tutub.

Tovuz rayonunun atəşə məruz qalmış Əlibəyli inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Rzayev Amerikanın Səsinə bildirib ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 2-də yerli vaxtla saat 19:30-dan başlayaraq sentyabrın 3-ü saat 00:30-dək sərhəd kəndlərini top da daxil olmaqla, ağır silahlardan atəşə tutub.

“Uzun sürən atəş nəticəsində kəndimizdə Tarıyel İsmayılov və Mayıl Ağacanova məxsus evlər yandı.Tofiq Kazımov isə qarın boşluğundan güllə yarası aldı”, o qeyd edib.

Tofiq Kazımov Tovuz rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Hazırda durumu orta-ağırdır.

Onun sözlərinə görə, avqustun 3-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları atəşə məruz qalmış kəndlərə baxış keçirir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 174 dəfə pozub.

Ermənistanın Noyemberyan rayonunun Dovex, Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı və Aşağı Əskipara kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Məlumatda həmçinin deyilir ki, Ermənistan tərəfi Azərbaycanın Goranboy, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl rayonlarında Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Ordusunun atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 236 atəş zərbəsi endirdiyini bildirir.

Öz növbəsində Ermənistan mediası rəsmi qurumlara istinadən 20 yaşayış məntəqəsinin Azərbaycan Ordusu tərəfindən atəşə tutulduğunu və iki mülki şəxsin yaralandığını bildirir.

XS
SM
MD
LG