Accessibility links

Əvəz Həsənov: Dövlət kameral yoxlamaları ləğv edirsə, QHT-ləri niyə məhdudlaşdırmalıdır? [Video-Müsahibə]


Əvəz Həsənov: Dövlət kameral yoxlamaları ləğv edirsə, QHT-ləri niyə məhdudlaşdırmalıdır?
please wait

No media source currently available

0:00 0:07:38 0:00

Əvəz Həsənov: Dövlət kameral yoxlamaları ləğv edirsə, QHT-ləri niyə məhdudlaşdırmalıdır?

“Şərq Tərəfdaşlığı” Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Amerikanın Səsinə danışır

Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov Amerikanın Səsinə müsahibəsində ölkədə vətəndaş cəmiyyətinin durumu, qarşılaşdığı çətinliklər, xarici QHT-lərin Azərbaycanda fəaliyyəti və vəziyyətdən çıxış yollarından danışıb.

Amerikanın Səsi: Azərbaycanda xarici qeyri hökumət təşkilatlarının (QHT) sərbəst fəaliyyəti üçün şərait varmı? QHT-lərin fəaliyyəti ilə bağlı yerli qanunvericilik beynəlxalq təcrübəyə uyğundurmu?

Beynəlxalq təşkilatlar dövlətin layihə qeydiyyatı qadağasından sonra demək olar ki, Azərbaycanda iş imkanını itirdi

Əvəz Həsənov: Azərbaycanda 2014-cü ilin fevralın 4-dək beynəlxalq təşkilatların fəaliyyəti üçün bütün şərait var idi. Yəni onlar öz layihələrini sərbəst icra edə bilirdilər, Azərbaycanda olan beynəlxalq təşkilatların tərəfdaşları o layihələrə qoşula bildirdi, eyni zamanda onlar dövlət ilə görüşə bilirdi. 2014-cü ilin fevralından sonra artıq Azərbaycanda vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar üçün bir dönüş oldu. Həmin beynəlxalq təşkilatlar dövlətin layihə qeydiyyatı qadağasından sonra demək olar ki, Azərbaycanda iş imkanını itirdilər. Bütün layihələr, həmin təşkilatların təşəbbüsləri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməli idi. Qeydiyyat məsələsi əvvəllər də var idi, sadəcə dövlət onun üzərində o qədər də durmurdu. 2004-cü ildən həmin qeydiyyat prosesi var idi, sadəcə həmin qeydiyyat bir az xəbərdarlıq xarakteri daşıyırdı. Ancaq 2014-cü ilin fevralından sonra bu qətiləşdi.

Qaldı qanunvericilik məsələsinə, indiki son qanunvericiliyə birbaşa yox, qaydalar vasitəsi ilə edilmiş dəyişikliklər nəzərə alınmasa idi, normal bir qanunvericilik idi. Yəni, Venesiya Komissiyasının vaxtı ilə, 2013-cü ildə Azərbaycana nümayəndələri gəlmişdi, onlar vətəndaş cəmiyyətinin üzvləri ilə görüşürdülər, bizim ciddi iradlarımız olanda bildirirdilər ki, sizin qanunvericiliyin bəzi maddələri Şərqi Avropa ölkələrinin qanunveciliyindən götürülmüş maddələrdir. Ciddi bir iradlar yox idi. Yəni qanunvericilik QHT-lərin qeydiyyatı üçün bütün şəraiti yaratmışdı. Ancaq, sadəcə bu, son qaydalar onu bir az məhdudlaşdırdı.

Amerikanın Səsi: Hazırda ölkədə xarici QHT-lərin əsas fəaliyyət istiqamətləri necədir? İnsan hüquqları, demokratiya, media azadlığı və digər fundamental azadlıqlar sahəsində fəaliyyət göstərən beynəlxalq QHT-lər ölkədə monitorinqlər apara bilirmi, layihələr həyata keçirirmi?

Beynəlxalq təşkilatların Azərbaycanda insan hüquqları ilə bağlı tədbir keçirmək və yaxud seçkilərlə bağlı tədbir keçirmək şansları yoxdur.

Əvəz Həsənov: Həmin təşkilatlar ki, vaxtı ilə insan hüquqları, demokratiya, seçki məsələləri və tutaq ki, konfliktlərlə məşğul olan təşkilatlar var idi, onlar son iki ildə Azərbaycanda öz fəaliyyətlərini nəinki məhdudlaşdırdılar, Azərbaycanda olan bütün ofislərini və proqramlarını bağlayıblar. Həmin təşkilatların Azərbaycanda insan hüquqları ilə bağlı tədbir keçirmək və yaxud seçkilərlə bağlı tədbir keçirmək şansları yoxdur. Çünki layihə yoxdur. Yerli QHT-lər həmin təşkilatların işində yalnız layihələr vasitəsi ilə iştirak edirdi. Çünki beynəlxalq təşkilatların özləri də Azərbaycanda yalnız layihələr vasitəsi ilə fəaliyyət göstərə bilirilər. O olmayandan sonra demək olar ki, real fəaliyyət yoxdur. Sadəcə individual şəkildə, hansısa bir eksperti cəlb etmək yolu ilə, onlar Azərbaycanda monitorinq keçirə bilirlər. İnsan hüquqları, iqtisadiyyatla bağlı, ola bilsin ki, sərbəst toplaşmaq azadlığı, media ilə bağlı monitorinqlər keçirilir. Ancaq bu o demək deyil ki, bu monitorinqlərin arxasında geniş əhali kütləsini və yaxud da Azərbaycanın regionlarını nəzərdə tutan fəaliyyət var. Yəni ekspertlər çərçivəsində qısa monitorinqlər keçirilir. 2014-cü ildən sonra ciddi bir fəaliyyət görməmişəm.

Amerikanın Səsi: Son illər çoxsaylı beynəlxalq QHT-lər və ya xarici ölkələrin QHT-ləri Azərbaycandakı ofislərini bağlayıb. Buna səbəb nədir?

2014-cü ilin əvvəlindən ofisi bağlanan əsas təşkilatlar məhz Amerika təşkilatlarıdır.

Əvəz Həsənov: Bu daha çox dövlətin beynəlxalq təşkilatların keçirdiyi layihələrə və maliyyələşdirdiyi tərəfdaşlara inamının azalması ilə bağlıdır. Nəzərə alsaq ki, daha çox seçkilərin və insan hüquqları ilə bağlı proseslərin monitorinqini keçirən təşkilatlar və onların amerikalı tərəfdaşları bu cür qadağalarla rastlaşdılar. Demək olar ki, 2014-cü ilin əvvəlindən ofisi bağlanan əsas təşkilatlar məhz Amerika təşkilatlarıdır. Onlara, beynəlxalq QHT-lərə, donorlara qarşı olan cinayət işinə həmin təşkilatların, onların tərəfdaşlarının cəlb olunması onları qorxutdu. Çünki beynəlxalq təşkilatlarla, xüsusən amerikalı donorlarla işləyən elə bir Azərbaycan təşkilatı yoxdur ki, istintaq prosesində ifadə verməsin. Ona görə də onlar ofislərini bağladı. Mən hesab edirəm ki, Azərbaycanda QHT-lərin fəaliyyətini dəstəkləyə biləcək beynəlxalq donorların əsas istiqamətləri, məhz elə siz dediyiniz insan hüquqları, demokratiya, azadlıq, sərbəst toplaşmaq azadlığı, seçkilər idi. Qalan məsələləri də Azərbaycan hökuməti özü maliyyələşdirirdi. Yəni Azərbaycan hökuməti özü qalan bütün humanitar, sosial, iqtisadi layihələri maliyyələşdirirdi. İndi, o beynəlxalq təşkilatlar gedəndən sonra qeyd olunan insan hüquqları, demokratiyaya bağlı məsələlərin layihələşdirilməsi, maliyyələşdirilməsi çox çətinləşib.

Ameikanın Səsi: İndiki anda çox sayda qeyri hökumət təşkilatlarının liderləri həbsdədir. Vəziyyətdən çıxışı nədə görürsünüz, problem necə həll olunmalıdır?

Dövlət beynəlxalq təşkilatları Azərbaycana buraxmalıdır ki, vətəndaş cəmiyyəti beynəlxalq təşkilatlarla öz münasibətlərini qura bilsin.

Əvəz Həsənov: Onlar Azərbaycan vətəndaş cəmiyyətinin özəyində duran insanlar idi. Yəni demək olmaz ki, vətəndaş cəmiyyəti yalnız onların üzərində dururdu. Ancaq onlarsız vətəndaş cəmiyyətinin inkişafını təsəvvür etmək çətindir. Onların azad edilməsi üçün əlimizdən gələni edirik. Hər an dövlətlə görüşəndə, insan hüquqları təşkilatları adından dövlətə müraciətlər edəndə onların azad edilməsi üçün çalışırıq. Hesab edirik ki, onların azad olunması, onların, eləcə də bizlərin fəaliyyət göstərməsi üçün şərait yaradılması bu, yeganə çıxış yoludur. Dövlət bunu etməlidir, dövlət beynəlxalq təşkilatları Azərbaycana buraxmalıdır ki, vətəndaş cəmiyyəti beynəlxalq təşkilatlarla öz münasibətlərini qura bilsin. Mən başa düşürəm ki, indi bizim dövlətimiz minimal imkanlar şəraitində beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək istəyir. Ancaq gəlin görək, hansı beynəlxalq təşkilat layihəsinə, qeydiyyatına, tərəfdaşının qeydiyyatına bu günki maneələrin müqabilində Azərbaycana gəlib, Azərbaycanda yenidən işləmək istəyəcək. Eyni zamanda dünyada artıq fəaliyyətin foksu da dəyişib. Əvvəl Azərbaycan, ümumiyyətlə Cənubi Qafqaz beynəlxalq təşkilatların foksunda idisə, indi beynəlxalq təşkilatların əsas foksu Suriya, Ukrayna, Moldova və digər ölkələrdir. Yəni dövlət çalışmalıdır ki, beynəlxalq təşkilatlar Azərbaycana qayıtsın, onların fəaliyyətinə şərait yaradılsın, onların qeydiyyatı ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılsın. Eyni zamanda yaxşı olardı ki, dövlət onların özləri ilə ikitərəfli müqavilələr imzalasın. Dünyanın hər yerində beynəlxalq təşkilatlarla dövlətlərin ikitərəfli müqavilələri var. Dövlət beynəlxalq təşkilatların qeydiyyatında olan bütün maneələri ləğv etməlidir. Əgər, dövlət sahibkarların inkişafı ilə bağlı üç illik, dörd illik kameral yoxlamaları ləğv edirsə, QHT-ləri niyə məhdudlaşdırmalıdır? Məncə dövlət bunu başa düşməlidir və vətəndaş cəmiyyətinə normal münasibətin yaradılması üçün əlindən gələni etməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG